Görəsən, onların ikisi də hansısa müvəqqəti dəlilik sindromundan əziyyət çəkirdi? Hər halda, qatillər özlərini müdafiə edərkən belə bir bəhanə gətirirdilər. Bəs onda nəyə görə evli cütlüklər bu bəhanəyə sığınmasın? Evliliyin özü də dəliliyin bir növüdür, sevgi isə daima dəliliyin "ağırlaşdırıcı vəziyyəti" həndəvərində dolaşır.
Ola bilsin, keçən il yaşadığı o səhərdən sonra Sesiliya canına hakim kəsilən kövrəklik hissinə qapılaraq anlamışdı ki, keşnişli yeməkdən, paltar yumaqdan ibarət həyat adamın əlindən bircə saniyədə alına bilər və bununla həyatın sadəliyi yoxa çıxar, adam qəflətən dizləri üstə çökər, gözlərini səmaya dikmiş qadına çevrilər. Həmin an bəzi qadınlar kömək üçün onun yanına qaçsalar da, dilə gətirmədikləri, lakin dizləri üstə çökmüş qadının hiss etdiyi sözləri ürəklərində deyirdilər: "Bizdən iraq!"
Tess hələ hirsli deyildi, lakin indiyə qədər keçirmədiyi ən dəhşətli qəzəb hissinə qapılacağını başa düşürdü. İçində qaynayan qəzəb bomba kimi partlayıb yaxınlıqda olan hər şeyi yerlə yeksan edə bilərdi.