"Çox tərifli, lakin əbəs fikirlərimin, qürurumun baharı Xəzər! Səni müfəssəl öyrənməyib, fikirlərimi pünhan saxladım, sirlərini açmadan səni tərk edirəm. Sən ürəyini heç bir kəsə açmamısan. Sənin sirlərini öyrənmək istəyənlər mavi sularının dərinliklərində qərq olurlar. Göylər kimi sən də elm aləmində öyrənilməmiş qalırsan. Onun kimi səni də bizi tez-tez çaşdıran və hərdən xəyanət edən idrakımız vasitəsilə öyrənə bilərdik. İnsan yer kürəsini öyrəndi və gözlərini teleskopla silahlandıraraq, fəzada kəhkəşanları tədqiq etdi. Nəhəng Saturn planetinin parlaq hissəsini görə bildi. Bəs hansı göz, ey dəniz, sənin dərinliklərinə baxa bilib? Sənin ismət çadranı qaldıran olubmu? Yazıq insan, bədbəxt və zəif məxluq, sən dəniz sahilində balıqqulağı yığır, mirvari və kəhrəba tapmaq üçün baş sındırmalı olursan."