Leyla Qarayeva

Leyla Qarayeva
@leylaqarayeva
This is the end
...Bizim cəmiyyət insanın dərk edə bilmədiyi sirli bir şəkildə qurulmuşdur
Reklam
Kişi, yaxud qadın günah işlədiyi zaman - başqa sözlə desək, müəyyən çərçivədən kənara çıxdığı zaman onların cəzası heç də su altında yaşamaq niyyətinə düşmüş quşun, yaxud insan yaşadığı yerdə dolaşan vəhşi heyvanın məruz qaldığı cəzaya oxşamır. Onları təxirsiz ölüm gözləmir. İnsanlar yalnız heyrət içərisində qaşlarını qaldıracaq, yaxud öldürücü surətdə gülümsəyəcək və ya narazılıqla əllərini bir-birinə vuracaqlar. Buna baxmayaraq, ictimai həyat dairəsi hər kəs üçün elə dürüst müəyyən edilmişdir ki, bu dairədən çıxan hər kəs maddi ölümə məhkum olunmuşdur. Bu və ya başqa mühitdə doğulmuş və tərbiyə olunmuş adam həmin mühitdən xaricdə yaşamağa yaramır.
Mədəniyyət dəhşətli sürətdə inkişaf edir, ictimai həyatın formaları son dərəcə müxtəlif və dəyişkəndir, dəmir yolları, sürətli qatarlar, poçt, teleqram, telefon, qəzet kimi amillər, bir sözlə, cəmiyyətimizin mövcud olan ünsiyyət və əlaqə vasitələrinin bütün mexanizmi bizim səbatsız, zəif və pozğun təsəvvürümüzə olduqca müxtəlif və gözlənilməz təsir buraxır. Bütün bunlar, ümumiyyətlə, beyni və ürəyi yoran və üzən gözqamaşdıran bir ala-bəzəklik, dəhşətli bir həyat hərc-mərcliyi yaradır. Xüsusən zehin yorğunluğu məhz buradan əmələ gəlir və hər gün onun qurbanlarının sayı artır kimi yuxusuzluqdan, kimi qara melanxoliyadan əzab çəkir, yaxud sadəcə dəli görünür. Görünür, müasir adamın beyni, onun üzərinə hər gün hücum çəkən külli miqdarda faktları və təəssüratı yerləşdirməyə, seçib-ayırmağa və qorumağa hələ qalib deyil biz çox açıqda, hamının gözü qabağında yaşayırıq, xarici dünyadan gizlənməyə yerimiz yoxdur. Biz həddən artıq çox şey qavramalı oluruq. El bil əbədiyyət müdrikliyi dar kəllələrə yol açmağa və məhdud ağıllarda yerləşməyə cəhd edir.
İnsanlar tərəfindən müəyyən edilmiş qaydaları təsadüfən pozan heç bir bədbəxt məxluqu, cəmiyyət rəyinin amansızcasına onun adına yazdığı hədsiz alçaqlıqda ittiham etmək olmaz.
Bütün varlığı fasiləsiz surətdə yeni həyat yaratmaqdan ibarət olan dünyada havanın, suyun, torpağın, günəş işığının - hər şeyin insanın doğulmasına xidmət etdiyi bir dünyada belə bir hissin əmələ gəlməsi maraqlıdır. Tək insan deyil, bütün aləm, nəsli davam etdirmək hissi ilə yaşayıb-yaratdığı halda, hər şeyin dünyaya eyni yolla gəldiyinə baxmayaraq, nədənsə buna mənasız surətdə boş yerə göz yummağa, bundan ikrahla üz döndərməyə çalışırlar, sanki təbiətin özündə nə isə natəmiz bir şey vardır. «Mayamız qəbahətdəndir və günah içində doğulmuşuq> - riyakar adam təbiətin qanunlarına belə qeyri-təbii izahat verir və cəmiyyət də həqiqətən eybəcər olan bu mühakimə ilə dinməz-söyləməz razılaşır