Nədir ruhu qırıq bu zümzümələr?
Bunlar həyat üçün zəhərdən acı.
Mən bir vətəndaşam, əski nəğmələr
Dərdli şikəstələr mənə yabançı.
Həyatı coşduran, dalğalandıran,
İrəli aparan nəğmələr hanı?!
Hanı bir möhtəşəm divi andıran
Şeir qəhrəmanı, söz qəhrəmanı?!
Hanı, tükəndimi sevincin, odun?
Sən xəzan kimisən bahar içində.
Göz yaşında üzən solğun vücudun
Bir sarı yarpaqdır sular içində!..
Neçin yabançıyam mən bu varlığa,
Fikrimdə, hissimdə bu nə sükutdur?
İçərim bənzəyir bir məzarlığa,
Gecələr ayazdır, gündüz buluddur.
Neçin hər sevincdən, hər ixtilatdan
Uzağam qaranlıq bir bucaq kimi.
Üzülmüş kimiyəm mən bu həyatdan
Qırılan, yaralı bir budaq kimi?