Bu kitabı tövsiyə əsasında almışdım və “yaxşı ki, oxumuşam” dediyim kitablardan biri oldu. Bir daha anladım ki, mən əsasən fəlsəfi cümlələrdə özümü tapdığım, məni sorğuladan və düşünməyə məcbur edən əsərləri sevirəm.
Kitab insanın mahiyyətini anlamağa çalışan cavan oğlanla yaşlı kişinin (qocanın) dialoq formasında qurulmuş fəlsəfi mübahisədən ibarətdir.
İlk növbədə qoca insanın maşından o qədər də fərqli olmadığını, onun öz-özünə fikir və düşüncə yarada bilmədiyini iddia edir. Qocaya görə bütün düşüncələrimiz kənar təsirlər nəticəsində formalaşır; bir sözlə, insanın seçimləri belə mexanikidir. İnsan hər zaman öz mənfəəti üçün hərəkət edir, hətta “fədakarlıq” adlandırdığımız davranışlar belə əslində daxili rahatlığımız üçündür.
Qoca azad iradənin mövcudluğuna inanmır və insan davranışlarını səbəb–nəticə zənciri kimi izah edir. Oğlan verdiyi suallarla etiraz etməyə çalışsa da, qoca öz mövqeyini konkret nümunələrə əsaslandırır. Nəticədə oğlan bu arqumentlər qarşısında zəif qalır. Bu mənim çox xoşuma gəldi.
Əsərin sonunda isə belə bir fikir yaranır: insan kimi bu qədər mürəkkəb, ziddiyyətli və qarmaqarışıq bir varlığı yalnız Allah yarada bilər.
Bir sözlə, oxumağı tövsiyə edəcəyim kitablardan biridir.