Neçə ildir, heç kəsə bir söz açıb deməmişəm. Halbuki danışıb dərdləşməyə nə qədər möhtacam! Hər şeyi ürəkdə boğub saxlamağa məcbur olmaq diri-diri qəbrə girmək deyilmi?
Lakin indi, heç bir həyəcan hiss etməyəcəyimə əmin olub, o ötüb keçmiş günləri, xatirələri bir daha yada salmaq istədikdə, nə qədər çalışdımsa da onun simasını gözümün qabağında canlandıra bilmədim...
Mariya ilə tanış olmamışdan əvvəl keçirdiyim boş, mənasız, məqsədsiz günlər yenidən başlamışdı, lakin bu dəfə əvvəlkindən də çox qüssə-kədər verirdi. Fərq ondan ibarət idi ki, əvvəllər həyatın mənasından, dünyadan xəbərsiz idim. İndi isə, yer üzündə başqa cür yaşamağın mümkün olduğuna bir anlığa da olsa inandığım üçün bu fikir mənə əzab-əziyyət verirdi. Ətrafımdakı mühitə laqeyd idim. Hiss edirdim ki, heç bir şeydən həzz ala bilmirəm.
– Artıq mən gedirəm. Lakin nə vaxt çağırsan gələrəm...
Əvvəlcə nə demək istədiyini başa düşmədim. O da bir anlığa dayanıb, sonra əlavə etdi:
– Haraya çağırsan gələcəyəm!
Bu dəfə başa düşdüm. İrəli atıldım. Əllərini tutub öpmək istədim. Lakin artıq içəri girmiş, qatar səssiz səmirsiz hərəkət etməyə başlamışdı. Bir müddət onun arxasında durduğu pəncərə ilə yanaşı yüyürdüm. Sonra yavaş-yavaş addımlayıb əlimi havada yellədərək:
– Çağıracağam... mütləq çağıracağam! – deyə qışqırdım.