Əlbəttə, elədir, əgər dünyada fala baxdıran və dərviş nağılına qulaq asan adam olmasa və əgər dünyada qəzet oxumağı it boğuşdurmağa tərcih verən adam olmasa idi, əgər yerin üzü mədəni və əhliirfanla dolu olsa idi, o vədə dünyada heç "Molla Nəsrəddin"in özünə də lüzum görsənməzdi; çünki hükəma deyiblər: "Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar".
Elə böyük cürətimiz o oldu ki, biz utanmadıq; çünki biz görürdük, hər bir əlinə qələm alan türk bəndəsi "ana" sözünü bir yerdə yazmaqdan utanır; "ana" yerinə "madər" yazır. Ancaq biz "ana" yazdıq; səbəb də bu idi ki, bilmirdik niyə “ana” sözünü yazmaqdan utanırıq?