Kefin yuxarıda necədir, Tanrım,
Göydə əhvalını pozan yoxdur ki?
Yerdə məndən başqa sənin adını,
Dilə gətirəcək ozan yoxdu ki..
Bir bax aşağıya seçirmi gözün,
Düşmüşəm dumana-çənə gəlmişəm.
Ha yana getdimsə, qərar tutmadım,
Başımı götürüb sənə gəlmişəm.
Mən sənə gəlmişəm, dur aç qapını,
Vaxt ayır, qulaq as, dərdimi dinlə.
Bu bazar qapını, hərrac qapını,
Bağla birdəfəlik öz əllərinlə.
Azalır sabaha od ehtiyatım,
Sönür həqiqətin qoru içimdə.
Qıymıram bu qədər ucuz öləsən,
Barı sən özünü qoru içimdə.
Mən sənə inamda son nəfəsdəyəm,
Bu son nəfəsdə də zəliyəm elə.
Bəlkə, doğrudan da, ruhi xəstəyəm,
Bəlkə, doğrudan da, dəliyəm elə.
O şeytan, o iblis nəmənədi ki,
Hər şeyi atırsan onun üstünə.
Onsuz da oduna isinəmmirik,
Barı, kor eləmə bizi tüstünə.
Ad tapa bilmirəm nəyin nəsidi,
Yığıb, yox edəsən, bəlkə, pisləri.
Hamısı Adəmin törəməsidi,
Şeytan ha əkməyib bu iblisləri.
Hərdən irəli bax, geriyə qanrıl,
Bilim ki, hər şeydən agah olursan.