Kitab cinsi sapmalardan yorulmuş gənclərin məktublarından sitat gətirərək gənclərin cinsi məsələlərini inkar ediləsi yox, idarə olunası bir reallıq kimi qəbul edir. Müəllif cinsi meylin fitri olduğunu açıq şəkildə bildirir, amma bu meylin necə yönləndirilməsinin insanın gələcək həyatını müəyyən etdiyini əsaslandırır.
Kitabda əsas mövzular mərhələli şəkildə izah olunur:
– cinsi yetkinlik dövrü
– instinktlərin psixoloji və mənəvi təsirləri
– nəzarətsiz arzuların fərdi və ictimai fəsadları
– baxışın, düşüncənin və xəyalların rolu
- eşq və ehtiras qarışıq düşdükdə yaşanan həzin sonluğu
Bu hissələri oxuyanda hiss edirsən ki, müəllif gənci günahkar kimi yox, anlamağa ehtiyacı olan bir insan kimi görür.
Xüsusi olaraq iffət anlayışına toxunur, amma bunu sadəcə “haram–halal” çərçivəsində saxlamır. İffəti insanın daxili azadlığı və özünə hörməti kimi təqdim edir. Bu yanaşma kitabı daha inandırıcı edir.
Mastürbasiya, cinsi gərginlik, qarşı cinslə münasibətlər kimi mövzular kitabda dolayısı ilə, amma qaçmadan izah olunur. Müəllif problemi adlandırır, səbəblərini deyir və praktik çıxış yolları göstərir:
– düşüncənin idarəsi
– boş vaxtın düzgün doldurulması
– fiziki və ruhi tarazlıq
– evliliyin düzgün vaxtı və məqsədi
Oxuyarkən hiss edirsən ki, müəllif gənci qorxutmaq yox, özünü idarə edə biləcək şüura çatdırmaq istəyir.
131 səhifəlik kitabın dili sadədir, ağır terminlər yoxdur. Elə bu səbəbdən mən də bir günə rahatlıqla oxuyub bitirdim. Kitab nə akademik yorucudur, nə də səthi. Orta xətti qoruyur.
Yekun olaraq, bu kitab gənclərin cinsi problemlərini nə gizlədən, nə də normallaşdıran bir yanaşma təqdim edir. Oxuyub bitirəndə insan anlayır ki, müəllifin əsas dərdi qadağa qoymaq deyil, insanı öz nəfsinin əsiri olmamaq nöqtəsinə çatdırmaqdır.