• Bir rəngi yox, göylərin min rəngini sevirəm
    Bir gülü yox, güllərin çələngini sevirəm.
    Mən çıxmağa təpə yox, uca dağ istəyirəm,
    Həyatı həyat kimi yaşamaq istəyirəm.
    Göydə qürub çağı da, dan yeri də gözəldir.
    Həyatın sevinci də, kədəri də gözəldir.
    Həyat - bir cıdır düzü, bir döyüş meydanıdır.
    Hər kəsi öz cürəti, öz qüdrəti tanıdır.
    İnci üzə çıxarmı çalxalanmasa ümman?
    Bu meydanda heyif ki, daim eniş axtaran,
    "Azca aşım, ağrımaz başım" - deyənlər də var.
    Kədərdəki nəşəni, zövqü anlamayanlar
    Həyatın nəşəsindən, fərəhindən nə anlar?
    Hər kədəri səadət, hər sevinci qəm izlər.
    Əsl könül həm qəmi, həm sevinci əzizlər.
    Təlatümsüz ürəklər qovuq kimi boş olur.
    Daim sevinc axtaran daim qəmə tuş olur.
    Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə.
    "Bu dünyada birtəhər qoy yaşayaq", - deyənə,
    Ah, birtəhər!.. Lüğətə bu söz hardan gəlmədir?
    Yaşamaq yaşamaqdır! Bəs bu birtəhər nədir?
    Mən düşmənəm, düşmənəm belə "ölü canlara",
    Gündən qaçıb həmişə kölgə axtaranlara...
    Onlar ortada yeyib, qıraqdasa gəzdilər,
    Namusu xərcləməkdən onlar çəkinməzdilər.
    Onlar orta yol tutub nə "hə", nə də "yox", - dedi.
    Havaya nə "istidir", nə də ki, "soyuq", - dedi.
    Onlar ölçüb-biçdilər hər bir şeyi dərindən.
    Özgəsini qorxudub hürkdülər özlərindən.
    Onlar qazdan ayıqdı...
    Onlar havaya baxdı...
    Gah yağışa, gah qara,
    Gah qışa, gah bahara,
    Gah axşama, gah da ki, səhərə dəm tutdular.
    Özlərini düşünüb özgəni unutdular.
    Səslərdən səs aldılar, öz səsləri olmadı.
    Yaşadılar ölü tək, nəfəsləri olmadı...
    Getdilər iş dalınca, ürəkləri getmədi...
    Gəzdilər... Hey gəzdilər.
    Ayaq səslərinisə tək özləri eşitdi,
    bir kimsə eşitmədi...
    Atlarını daşlığa salıb səyirtmədilər,
    Adları kişi oldu, ömürdə bircə kərə
    kişilik etmədilər.
    Onlar öləndə belə kimsə xəbər tutmadı.
    Bu səssiz, küysüz ölüm kimsəni ağlatmadı.
    Çoxdan ölmüş zənn edir, axı, hamı onları.
    Diri ikən, sağ ikən,
    Öz səsi olmayanın ölümü səssiz keçər.
    Min-min dəfə ölənin matəmi yassız keçər.
    Qardaş, min duyğu ötsün ürəyindən bir anda.
    Sən qımışma güləndə, inləmə ağlayanda.
    Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək, gül.
    Gülsən də, ağlasan da tamam doysun qoy könül.
    Yaşamaq istəmirəm sürünüb dizin-dizin,
    İstəyirəm ən uca zirvələrə mən qonam.
    Xəfif sakitliyini neyləyirəm dənizin.
    Onun qasırğasına, dalğasına vurğunam.
    Qoy döysün yağış məni, boran məni, qar məni,
    Həyatın boranları daim yaşadar məni.
    İstəmirəm həyatım sakitcə bir otaqda
    gəlib keçsin lal kimi...
    İstəyirəm döyüşəm qayaların başında
    düşmənlə qartal kimi.
    Bağçadakı arx kimi ötüb həzin nəğmələr,
    axmağı istəmirəm.
    Səyyah olub həyata seyirçi bir nəzərlə
    baxmağı istəmirəm.
    Çağlamaq istəyirəm dağda şəlalə kimi,
    Səpilmək istəyirəm çöllərə lalə kimi.
    Dərya olub, nəhr olub, çalxanmaq istəyirəm,
    Göylərdə ulduz kimi mən yanmaq istəyirəm.
    Şığımaq istəyirəm başsız küləklər kimi,
    Bəslənmək istəyirəm bütün ürəklərdə mən
    arzu, diləklər kimi.

    Bir rəngi yox, göylərin min rəngini sevirəm.
    Bir gülü yox, güllərin çələngini sevirəm.
    Mən çıxmağa təpə yox, uca dağ istəyirəm;
    Həyatı həyat kimi yaşamaq istəyirəm,
    Yaşamaq istəyirəm!

    May, 1960
  • Çıraq ol! Nurunu artır günbəgün
    Hər yerdə həyatın boğ zülmətini.
    Məncə, çıraq olub başqalarıyçün
    Yananlar tapıbdır səadətini!