Və qarşısına çıxanı udan bu tamahkarlığı özümdə hiss edirəm, başqalarının əzab və sevincinə yalnız mənim ruhi qüvvəmə güc verən bir şey kimi baxıram. Özüm isə artıq ehtiras təsiri altında çılğınlıq etməyə qabil deyiləm. Şöhrətpərəstliyimi mühit əzibsə də, indi o. başqa şəkildə meydana çıxıb, çünki şöhrətpərəstlik hakimlik etmək arzusundan başqa bir şey deyil, an böyük zövqüm isə məni əhatə edənlərin hamısını iradəmə boyun əydirməkdir. Özünə qarşı başqasında məhəbbət, sədaqət və qorxu hissi oyatmaq hakimliyin ən birinci əlaməti və onun qalibiyyət təntənəsi deyil? Heç bir halal haqqın olmadığı halda, birinin əzab və sevincinə səbəb olmaq qürurumuz üçün ən şirin qida deyilmi? Bəs bəxtiyarlıq nə deməkdir? Bu, gözütox məğrurluqdur. Özümü dünyada hamıdan yaxşı, qüdrətli hesab etsəydim, bəxtiyar olardım; əgər hamı məni sevsəydi, qəlbimdə intəhasız sevgi çeşməsi tapardım. Yamanlıq yamanlıq doğurur. İlk iztirab özgəyə əzab vermək zövqü haqqında fikir doğurur; yamanlıq etmək arzusu doğmamış yamanlıq ideyası insanın başına girə bilməz. Kim isə deyib ki, ideyalar orqanik məxluqdur; onların doğuluşu onlara müəyyən şəkil verir, bu şəkil isə hərəkətdir. Başında ən çox ideya yaranan adam başqalarından daha çox fəaliyyət göstərir; buna görə qüdrətli adam oturaq həyat keçirəndə və təvazökar əxlaqla yaşayanda qəflətən yıxılıb öldüyü kimi məmurluq stoluna bağlanmış dahi ya ölməli, ya da dəli olmalıdır.
Ehtiraslar ibtidai inkişaf dövrü keçirən ideyalardan başqa bir şey deyil, onlar qəlbin gəncliyinə aid məsələlərdir. Bütün ömrünü ehtirasların təsiri altında həyəcanlanmaq fikrində olanlar axmaqdırlar, bir çox lalaxan çaylar öz məcrasını gurultulu şəlalələrdən götürür, ancaq bunların heç biri dənizə çatana qədər qıjıltı ilə axıb köpüklənmir. Lakin bu sakitlik çox vaxt gizli olsa da, böyük