İndi mən həqir bəndə, kor bir adama və ya onu görməmək və anlamamaq üçün, öz rəzalətini və qəbahətini görməmək üçün gözlərini yummuş bir adama onun qadirliyini, əbədiliyini və feyzini necə göstərə bilərəm? - O, azacıq susdu. Sonra tutqun və istehzalı bir təbəssümlə əlavə etdi: - Sən kimsən? Sən nəsən? Sənə elə gəlir ki, sən çox ağıllı bir adamsan, çünki, bir-iki bir neçə kəlmə küfr danışmısan, amma sən kiçik bir uşaqdan da axmaq və ağılsızsan. Məharətlə düzəldilmiş bir saatın hissələri ilə oynayan bir uşaq bu saatın nə olduğunu başa düşmədiyinə görə onu düzəldən ustanın varlığına inanmadığını söyləsə, o, axmaq və ağılsız olmazmı? Onu dərk etmək çətindir. Biz əsrlərlə ulu babamız Adəmdən indiyə qədər onu dərk etmək üçün işləyirik, amma yenə də öz məqsədimizə çatmaqdan uzağıq, lakin onu dərk edə bilməməkdə biz ancaq öz zəifliyimizi və onun böyüklüyünü görürük. O, ağılla dərk edilmir, həyatla dərk edilir.
O, bunun Napoleon - öz qəhrəmanı olduğunu bildi, lakin bu dəqiqə Napoleon ona öz qəlbi ilə bu yüksək, sonsuz və qaçışan buludlarla dolu olan sonsuz səma arasında əmələ gələn hadisələrə nisbətən çox kiçik, əhəmiyyətsiz bir insan kimi göründü. Bu dəqiqə onun başı üzərində kim dayanır-dayansın, onun haqqında nə deyir-desin, heç fərqi yox idi, ancaq başı üzərində bir neçə adam dayandığına sevinir və bu adamların ona yardım etməsini, onu həyata qaytarmasını arzu edirdi. İndi həyat ona çox gözəl görünürdü, çünki, bu həyatı indi o, başqa cür anlayırdı.