Gecələr adamın varı yadına düşmür, yoxu yadına düşür. Daha doğrusu varının yoxluğu. “Şəbi-hicran” deyən Fuzilini anlaya bilirik yavaş -yavaş. Gündüz hamınındı ,gecə hərənin. Hamının eyni gündüzü var, hərənin öz gecəsi. Gecələr hamımız öz vətənimizdəyik.
Mən buna inanmışam ki, yalnız bir şey insanı insan olmaqdan çıxarır: azad yaşamamaq! Azad olmayan-böyük mənada insan deyil. İnsanlıq-azadlıqdır! Dinini yox, azadlığını itirən insanlığını itirir. Allaha inana bilməyən yox, azad ola bilməyən-insan deyil.
Sən öz ömründə ölümcül eksperimentlər , gizli risklər, təhlükəli döngələr eləmirsənsə , yaşadıqların və düşüncələrin sənin özünü vahimələndirmirsə , azmaq üçün yox, çatmaq üçün yola çıxmısansa, sən hələ heç nəsən!
Susa bilmək brilliantdı. Birlliant-danışa biıməmək deyil,danışmaq istəməmək deyil,danışacaq sözü olmamaq deyil. Əksinə min dəfə əksinə! Məhz danışmaq istəyəndə ,deməyə sözü olanda susmağı bacarmaq lazımdı. Brilliant susmaq budur. O biri susmaqlar heç gümüş də deyil.