Azərbaycanlı tərcüməçi, poliqlot, Qarabağ FK-nun keçmiş tərcüməçisi.
Əfqan Xəlilli 1986-cı il iyulun 30-da Rusiyanın Perm şəhərində anadan olmuşdur. Əslən Şəmkir rayonunun Şiştəpə kəndindəndir.
Gənclik illəri Sumqayıt şəhərində keçdikdən sonra Türk Liseyində təhsil almışdır. Liseyi bitirdikdən sonra Türkiyənin Trabzon şəhərindəki Karadeniz Texniki Universitetinin Tibb Fakultetində təhsil almışdır. Lakin 2-ci kursda şəhər və həkimlik sənəti ona maraqlı gəlmədiyindən təhsilini müvəqqəti dayandıraraq Rusiyaya getmişdir.
1 il Sankt-Peterburqda biznes fəaliyyəti ilə məşğul olduqdan sonra 2006-cı ildə yenidən Türkiyəyə qayıtmış, Ankara Universitetinin siyasi çıxışları ilə tanınan məşhur Dil və Tarix-Coğrafiya Fakültetində İspan dili və Ədəbiyyatı üzrə təhsil almışdır. 2011-ci ildə məzun olanadək ispan dilindən başqa portuqal və erməni dillərini də öyrənib, Azərbaycana qayıtdıqdan sonra hərbi xidmətə yollanıb. Əsgərliyi başa vurandan sonra isə İspaniyanın Valensiya şəhərində təhsilini davam etdirmiş, 2013-cü ildə vətənə qayıdaraq Qarabağ FK-da tərcüməçi kimi fəaliyyətə başlamışdır.
2017-ci ildə, Xəlillinin facebook hesabındakı paylaşımlarına görə, özünü təhqir olunmuş sayan bir qrup jurnalistin "Qarabağ" FK rəhbərliyinə göstərdiyi təzyiqlər nəticəsində, klubdakı işinə son verilmişdir.
"Hispaniya" iberoamerikan portalının təsisçisidir.
İspan və Latın Amerikası ədəbiyyatından müxtəlif əsərləri azərbaycan dilinə tərcümə etmişdir.