Külək əsir, üşüyür yenə daş-divar,
Səkilərin üstünə düşür damcılar,
Küçələrdən tələsik keçib gedirlər,
Səni xatırlayıram, qəlbimdə kədər
- Biz də belə gedərdik,
Küləkli havalarda, yağışlı havalarda.
Külək əsir, titrəyir qapı-pəncəгə,
Yağış yağır... şırhaşır düşür şəhərə.
Dalda yerə çəkilir bir qız, bir oğlan
Qorxub yağışdan.
Biz də belə edərdik,
Küləkli havalarda, yağışlı havalarda.
Külək əsir... sevdiyim mahnını çalır.
Yağış yağır, o vaxtı yadıma salır.
Bir qız keçir sən geyən jaketdə bu dəm,
Duman çökmüş şüşədən onu görürəm,
Səni görmürəm...
Küləkli havalarda, yağışlı havalarda.
Külək əsir, közərir odum, yanıram,
Yağış yağır, gözümdən yağır sanıram.
Səni, səni axtarır, səni gəzirəm.
Başqa vaxtı hicrinə bir cür dözürəm,
Ancaq dözə bilmirəm
Küləkli havalarda,
yağışlı havalarda...