Əgər komputeri beyinlə müqayisə etsək, beynin yarımkürələri - davranışımızı müəyyən edən ali strukturlar mərkəzi prosessor rolunu oynayır. Hərəkətimiz, o cümlədən, daxili orqanlarımızın işini tənzim edən vegetativ sinir sistemi komputerdə "çıxış" hissəyə (məsələn, printer) uyğun gəlir. Sensor sistemi, yəni duyğu üzvlərimizdən gələn siqnallar komputerin "girişi"dir. Qısamüddətli və uzunmüddətli yaddaşımız komputerdəki müvafiq yaddaş bloklarına uyğundur. Komputerin qidalanma sistemi beyində enerjini bərpa etməyə yönəlmiş yuxu ilə müvafiqdir. Beynin tələbatları, emosiyalarımız, motivasiya komputerdə internet vasitəsilə aldığımız siqnallar, yenilənmə və s.-ə uyğundur. Beyin neyronlardan təşkil olunub, komputerin prosessoru isə tranzistorlardan. Müasir kompüterlərin prosessorlarında iki milyarddan çox tranzistor var, beyində neyronların sayı isə 100 milyarda bərabərdir. Komputerdə də informasiya binar (ikili) sistemlə kodlanıb (1/0; impuls ya var, ya da yoxdur), sinir sistemində də. Bütün düşüncələrimiz, davranışlar, hisslər, emosiyalar məhz impulslarla kodlanır, sinir sistemində yayılır və ya yaddaş şəklində saxlanılır. Əslində, hər bir neyron böyük internet şəbəkəsinə qoşulmuş bir mikrokomputerdir; minlərlə sinaps vasitəsilə tormozlayıcı və oyandırıcı siqnalları qəbul edərək, onları toplayır, summar nəticəyə əsasən, impulsu ya ötürür, ya da bloklayır.