Rafiq Yusifoğlu 2 yanvar 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Burada səkkizillik məktəbi, 1966-cı ildə isə Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir. Ədib 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. Rafiq Yusifoğlu əmək fəaliyyətini davam etdirməklə yanaşı, 1978-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir.
O, 1984-cü ildə "Azərbaycan poemasının inkişaf problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə isə "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Rafiq Yusifoğlu əmək fəaliyyətinə Sumqayıt şəhərində tərbiyəçi müəllim kimi başlamış, 1971-1972-ci illərdə Sumqayıtda 10 saylı orta məktəbdə ədəbiyyat müəllimi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1973-1985-ci illərdə Sumqayıt şəhərində 23 saylı orta məktəbdə müəllimlik etmişdir. Ədib 1985-ci ildən 1992-ci ilədək "Göyərçin" jurnalında şöbə müdiri, 1992-1996-cı illərdə məsul katib olmuşdur. Rafiq Yusifoğlu 1997-ci ildən "Göyərçin" jurnalının baş redaktorudur. Həmçinin 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" baş redaksiyasında "Elm, mədəniyyət, incəsənət" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Rafiq Yusifoğlu Sumqayıt Dövlət Universitetinin "Azərbaycan və xarici ölkələr ədəbiyyatı" kafedrasının professorudur. 2005-ci ildən Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir. Eyni zamanda 2008-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. O, uşaq və gənclər ədəbiyyatı tənqidçilərinin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı olmuşdur. Bununla yanaşı, 1985-ci ildə Moskvada Ali Komsomol məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.
Düşünürəm baxdıqca üstü güllü donuna,
Sinəsi gül-çiçəkli çöllər sənə oxşayır.
Bilirəm necə safsan, desəm heç yalan olmaz,
Suyu dupduru, təmiz göllər sənə oxşayır.
Boylanıram qabağa öz arzumun səsiylə,
Ürəyim cuşa gəlir sevilmək həvəsiylə.
Desəm heç yalan olmaz, ətirli nəfəsiylə
Ürəyimi oxşayan yellər sənə oxşayır.
Gözəl gül seçim deyə gəzdim çəməni, dağı.
Güllər necə qəşəngdir, qızarıbdır yanağı.
Səni gülə, çiçəyə necə oxşadım axı,
Sən gülə bənzəmirsən, güllər sənə oxşayır...