Səfər Alışarlı 12 avqust 1954-cü ildə Naxçıvan MR Şərur rayonunun Alışar kəndində doğulub. 1980–1985-ci illərdə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
1985-ci ildən etibarən Bakıda əmək fəaliyyətilə aşağıdakı müəssisələrdə məşğul olub: Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında kiçik redaktor, "Gənclik"-"Molodost" jurnalında şöbə müdiri, "Səs" qəzetində baş redaktor müavini və s.
İlk hekayələri 1981-ci ildə "Azərbaycan" jurnalında çap olunub. O vaxtdan mütəmadi olaraq bu və digər ədəbi-bədii jurnal və qəzetlərdə öz hekayələrini çap etdirib.
"Zəng" adlı ilk nəsr toplusundakı (1987) hekayələrində Azərbaycan kəndinin realistik mənzərələrini yaratmış, müasirlərinin mənəvi problemlərini qabartmağa nail olmuşdur. Topludakı hekayələrin üslubu klassik Azərbaycan nəsrinin realizm ənənələrinə söykənir. Burada təsvir olunan həyat hadisələrinin adiliyi və tipikliyi diqqətəlayiqdir. Topludakı "Zəng", "Qasım", "İnşallah, yaxşı olar", "Kasıb" və sair hekayələri yalançı mənəvi donor pafosundan uzaq, adi həyat hadisələridir. Lakin yazıçının ustalığı da məhz həmin adilikdən oxucu üçün vacib və zəruri olan nəticənin çıxarılmasında, insan mənəviyyatında təmizliyin, paklığın və halallığın əsas aparıcı amillər kimi təqdim olunmasındadır.
Yazıçının digər nəsr toplusu "Sən heç nə bilmirdin" (1993) öz üslubu, yazı manerası və mövzu dəyişkənliyilə əlamətdardır. Burada onun yaxından tanıdığı və hər maddi, mənəvi tərpənişinə dəqiq bələd olduğu kənd mövzusu sanki arxa plana keçməkdədir. S. Alışarlı yaradıcılığına gəlməkdə olan yeni nəfəsin təravətini və sağlam ruhunu onun bu topludakı "Milad gecəsi", "Sən heç nə bilmirdin", "Dağlar bizə baxır" və başqa hekayələrindən görmək mümkündür. Buradakı hekayələrin ruhu sanki nisbətən darısqal milli məkan çərçivəsində darıxaraq, rus sovet nəsri ənənələrinə doğru addımlayır. Hekayələrin əsas qayəsi və araşdırma mövzusu insan psixologiyasının mürəkkəbliyidir.
S. Alışarlı yaradıcılığının sonrakı mərhələsi əsasən bədii jurnallarda çap olunmuş hekayə və povestlərlə xarakterikdir. Onun müxtəlif illərdə "Azərbaycan" və "Ulduz" jurnallarında, "Ədəbiyyat" və "525-ci qəzetlərdə" çap olunmuş əsərləri – "Yaz avazı", "50 hektarlıq avqust", "Kərimin inqilabı" hekayələri, "Adam yaşamayan bölmədə", "Gavur" povestləri müasir Azərbaycan nəsrinin istedadlı nümunələrindəndir.
Yazıçının "Avqust" kitabında (2004) çap edilmiş "Maestro" romanı Azərbaycan nəsrində böyük ədəbi hadisə kimi qarşılandı.
Adamlar var ki,ümumi dostluğa,qohumluğu yarayır, amma ikilik ünsiyyətdə əyinə yatmayan paltar kimi hər an özünü biruzə verir. Adamlar da var ki, ünsiyyətdə onun fiziki varlığı sanki unudulur.