Albert Camus əsərlərindən ən çox haqqında eşitdiyim "Yad" romanını axır ki, işlədiyim yerin kitabxanasından götürüb oxumaq nəsib oldu :).
Romanın yazı dili çox axıcı idi və insan oxuduqca oxumaq istəyirdi. Eyni zamanda hadisələrin sürətli şəkildə cərəyan etməsi və oxucunu çox intizarda saxlamaması yetərincə yaxşı nüansdır. Sonda bir roman oxumaqdan çox, bir film izləmiş kimi hiss edirəm.
Əsas qəhrəmanımızın heç nəyə dəyər verməməsi, həvəssizliyi və ümumi olaraq hər şeyə etinasız yanaşmasının sonda bir səbəbə bağlanmaması bu "Yad" insanın həyatının da dəyərsiz olmasına gətirib çıxarır və özündən başqa hər kəs onun həyatı barədə qərarlar qəbul edə biləcək səviyyəyə gəlib çatır.
Düşünürəm ki, ətrafımızda yetərincə "Yad" insanlar var və biz çox vaxt bu yadlığın səbəbini (əsas da son illər daha trend olan) travmalar mövzusuna bağlaya bilirik. Bəlkə də, hər şey elə kitabdakı kimi sadədir və xüsusi bir səbəbi yoxdur. Bu insanın öz seçdiyi və ya bildiyi tək yoldur.
Sonda bir sualı özümüzdə sorğulayaq istəyirəm: Bəs biz həyatımız üçün önəmli hansı hissələrə "yad"ıq?