Heydər Baba, ıldırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elizə,
Mənim də bir adım gəlsin dilizə.
Heydər Baba, kəkliklərin uçanda,
Köl dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə.
Bayram yeli çardaqları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin dağ olsun.
Heydər Baba, gün dalını dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqlarun bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.
Heydər Baba, sənin yüzün ağ olsun,
Dörd bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sonra sənin başın sağ olsun,
Dünya qəzov-qədər, ölüm-itimdir,
Dünya boyu oğulsuzdur, yetimdir.