Adi adamlar gözləyirlər ki, həyat özü onlar üçün öz sirlərini açsın; lakin çox az seçilmişlər var ki, onlar üçün həyatın sirləri erkən açılır; bəzən buna sənət kömək edir (özü də, əsasən, ədəbiyyat!); o, birbaşa insanın ağlına və hisslərinə təsir göstərir. Lakin hərdən elə də olur ki, sənətin bu missiyasını öz üzərinə hansısa bir mürəkkəb qəlbli insan götürür; bu adamın özü də əsl sənət əsəridir; çünki həyat da poeziya kimi, yaxud heykəltəraşlıq və ya rəssamlıq kimi öz şah əsərlərini yaradır.
Necə edim ki, o, mənə vurulsun? Mən Romeonu rəqib etmək istəyirəm, qoy o, qızı mənə qısqansın! Mən istəyirəm ki, dünyanın bütün ölən aşiqləri qəbirdən bizim sevgi dolu şaqraq gülüşlərimizi eşidib qəm dəryasına batsınlar! Qoy bizim ehtiraslarımızın nəfəsi onların ruhlarını titrətsin, oyadıb iztirab içində qovursun! İlahi, mən onu necə də çox sevirəm, Harri!