Bir kitabdan başqa kitaba, bir qadından başqa qadına, bir şəhərdən başqa şəhərə keçirdi və hamısı yarımçıq qalırdı. Çünki seçimlərinin limitli və zamanının az olduğunu hiss edirdi və bu fikirlə razılaşa bilmirdi. Həddindən artıq acgöz, həris va aludə olmaq heç bir mənada yaxşı deyil, nə oxumaqda, nə sevgidə, nə yaşamaqda.
İndi cavabı bilirdi, o sadəcə bir qrupla birlikdə gücü yetdiyi qədər bağırmaq istəyirdi. Evdə qalmış olduğu yalnız günləri xatırlayırdı və daha da çox qışqırırdı. Üstlərinə bombaları yağan minlərlə insanın arasında var gücüylə bağırmaq, çox da böyük problem deyildi və asan idi. Hamılıqla bağırırdılar. Onlar sanki ömrünün yarısını şüursuz bir heyvan məsələn bir pələng kimi keçirərkən birdən birə durduq yerda şüur sahibi olmuş və varlıqlarının dayanılmaz ağırlığı qarşısında qışqıraraq ağlayan canlını xatırladırdılar. Üsyançıların yaş aralıqlarının əsasən gənclər olması təsadüf deyildi. Onlar birdən-birə həyatla üzləşir və bunu rədd edirdilər. Sonra isa onlar o həyata öyrəşirdilər. Təkamülün ən asi yetirmələriydilər, zira birbaşa ona baş qaldırırdılar. Uçuşan qaz bombaları altında qaçışan ümidlər.
Nə kimlərinsə ölməsi ya bütün insanlığın nəslinin kəsilməsi ya da situasiyanın doğurduğu əxlaqi normlar vecimədi. Mən sadəcə yorulmuşam. Taqətsizəm. Heçnə etmək istəmirəm.