Gəlin həqiqətin gözünə dik baxaq: həyatımız qısa və miskindir, ağır zəhmətlə doludur. Doğulduğumuz gündən bizə ancaq nəfəsimizi canımızda tutmağa kifayət edəcək qədər yemək verirlər. Kimin bədənində təpəri, gücü varsa, son nəfəsi ağzından çıxana qədər işləməlidir. Günlərin birində, artıq işə yaramayanda tərəddüdsüz‐filansız hamımızı sallaqxana bıçağının altına göndərirlər. Ingiltərədə bir yaşına çatmış elə heyvan yoxdur ki, haqqı çatan istirahətin, yaxud xoşbəxtliyin nə olduğunu bilsin. Ingiltərədə heç bir heyvan azad deyil. Bütün yaşayışımız başdan‐başa miskinilik və köləlikdən ibarətdir. Həqiqət belədir.