Səni elə sevərəm ki...
Mən
Səni elə sevərəm ki,
O sevgini bilsən, dəli olarsan.
Mən
Səni elə sevərəm ki,
Buludtək sakitcə dolub durarsan.
Nə ağlaya bilərsən,
Nə gülə bilərsən...
Mən
Səni elə sevərəm ki,
Sən onu bilsən əgər,
Qorxuram, qorxuram
Sevincdən ölə bilərsən.
Mən
Səni ələ sevərəm ki,
Belə bir sevgi heç xəyala gəlməz.
Mən səni elə sevərəm ki,
Allahdan başqa onu bir kimsə bilməz.
Mən
Səni elə sevərəm ki,
Hər şeyi ataraq,
Yanıma qaçarsan bir uşaq kimi.
Mən
Səni elə sevərəm ki,
İstərsən əbədi ölüb qovuşaq.
Altı yarıq ayaqqabım
Yaşadığım hər bir günü,
Mənimlədir ayaqqabım.
Mənim kimi qaragündü,
Altı yarıq ayaqqabım.
Altı tez-tez daş keçirir,
Su keçirir, yaş keçirir,
İzlərimi çaş keçirir,
Altı yarıq ayaqqabım.
Dili yoxdu danışaq ki,
Nə vaxt küsdük barışaq ki?!
Hansı günü yarışaq ki,
Altı yarıq ayaqqabım.
Hey gəzirik paypiyada,
Yorulmaq heç düşmür yada,
Hey sürüşür buzda, qarda,
Altı yarıq ayaqqabım.
Mənə həm dost, həm də qardaş,
Dilsiz sirdaş, sadiq yoldaş,
Ayağıma dəyəndə daş,
Yanır mənə, baxır mənə
Altı yarıq ayaqqabım.