Kamifulyaj parça alıb bir dəst kürd paltarı tikdirmişdi. Geyinəndə çox yaraşıqlı göründü. Qərargahdan getdi. Bir saatdan sonra qayıdanda isə əsgər geyimində idi. Yeni paltarının harada olduğunu soruşdum. Dedi ki, kürd uşaqlardan birinin xoşu gəldi, mən də hədiyyə verdim.
Saatını da başqa birinə vermişdi. O adam saatı soruşmuşdu, İbrahim də saatını ona bağışlamışdı.
O, Kumeyl, Nüdbə və Təvəssül dualarını, hər gün sübh namazından sonra isə gündəlik dua və ziyarətnamələri oxuyurdu.
O, "Vəcəəlna" ayəsini həmişə zümzümə edirdi. Bir dəfə dedim: "Ağa İbrahim, bu ayə düşmən qarşısında qorunmaqdan ötrüdür, burada düşmən yoxdur axı".
Mənalı tərzdə baxıb dedi: "Şeytandan böyük düşmənmi var?!"
İbrahim hətta inqilabdan öncə sübh namazlarını məsciddə cəm halda qılırdı. Onun rəftarı bizə Şəhid Rəcainin məşhur cümləsini xatırladırdı: "Namaza "işim var" deməyin, işə deyin ki, namaz vaxtıdır".
O, İmam Əlinin (ə) buyurduğu bu hədisin real nümunəsi idi: "Məscidə gedib-gələn adam aşağıdakı faydaları götürər: Allah yolunda yoldaşlıq edən qardaş qazanar, elm öyrənər, Allahın rəhməti onu gözləyər, fəlakətdən qurtaran nəsihət eşidər, hidayətinə və günahdan uzaqlaşmasına səbəb olan söz dinləyər".