Ondan soruşdum: Nə olub Hacı, niyə ağlayırsan? Səmaya işarə edib dedi: Aya bax. Aya baxdım və dedim: Hə, nə olub? Dedi: Ay an bə an uşaqlara yoldaşlıq edir. Onlar harda düşmənə görünərlərsə gedir buludların arxasına, sonra isə düşmənin görmədiyi yerdə, işığa ehtiyac olarkən gəlir və hər yeri işıqlandırır. Allahın lütfünün bizə necə şamil olduğunu görürsənmi? İndi başa düşürsən niyə göz yaşı tökürəm?
Həmişə deyirdi: Bu iki il əsgərlik günləri ömrümün ən pis günləri oldu. Bunu təqva cəhətindən deyirdi.
Əsgərlik dövründə fərasətinə görə mətbəxdə müdir olmuşdu. Özü danışırdı ki, Ramazan ayı idi, mən mətbəxdəkilərə dedim ki, əsgərlər üçün imsak hazırlasınlar. Təxminən 300 nəfərlik. Zabitlərdən biri bu hadisədən xəbərdar oldu və sübh əmr etdi ki, bütün əsgərlər sıraya düzülsünlər. O su gətirmişdi və əsgərləri məcbur edirdi ki, hər kəs bir-bir su içsin. O gün hər kəsin orucu batil oldu və mən ömrümdə belə bir dinsizlik görməmişdim. Allaha dedim: İlahi, əgər biz sənin üçün oruc tuturuqsa, bu dinsiz burda nə danışır? İlahi, Özün onun bəlasını ver və Allah da onun bəlasını verdi...
Növbəti gün əmr etdim ki, mətbəxi hər tərəfli təmizləsinlər. Mətbəxin giriş hissəsi təmizləndikdən sonra getdim yağ gətirdim və mətbəxin girişinə tökdüm.
Bilirdim ki, həmin zabit imsaka yemək bişməməsindən əmin olmaq üçün mütləq ora nəzarətə gələcək. Elə də oldu. Gəlib yeməyin bişmədiyini görüb rahat oldu, qayıdan zaman elə möhkəm sürüşdü ki, yıxıldı və ayağı sındı. Onu xəstəxanaya apardılar və biz Ramazan ayı boyunca onun əlindən amanda qaldıq. Hər gecə əsgərlər üçün imsak hazırladıq və orucumuzu axıra kimi tuta bildik.