Bütün alçaq və ikiüzlü insanlar, rüşvətxorlar və böhtan atanlar, yalançılar və qatillər, bütün əclaf insanlar içlərində doğru etdiklərini düşünürlər. Deməli, yaxşı insanların etdikləri kiçik bir pislik ömür boyu acıdanda, onların etdikləri böyük əclaflıqlar bir qram belə incitmir. Onlar, hətta yaxşı adamları əfəl və axmaq adlandırırlar. Biz onların gözündə çox aşağı və mənasız insanlarıq. Axı biz insanlarda rəqib və düşmən, ov və şikar axtarmırıq. Axı biz sevgi ilə qidalanırıq, pul və hakimiyyət ilə deyil. Bax ona görə onlar heç vaxt bizi anlamayacaq və sevməyəcək. Axı onlar bizə yox, bizim azadlığımıza nifrət edir. Onlar bizim özümüzə yox, onlara olan sevgimizə nifrət edir.
İnsanlar artıq Allahdan qorxmur və müsəlmanlar artıq oxuduqları Fatihəni də anlamırdılar. Bu surədə "Allah, yalnız səndən qorxur və yalnız sənə itaət edirik" ayəsi var. Amma bunu anlayan bir dənə də olsun müsəlman görməmişdim. Axı onlar Allahdan daha qüdrətli bildikləri polislərdən, məmurlardan qorxur və hər dəfə məscidin qapısının ağzını kəsib rüşvət istəyən mollabaşılara itaət edirdilər. Mənə yardımçı ola bilməyən, mələklərə və Allaha inanan, amma əsl Mələyi gördüyümü eşidəndə qaqqıltı ilə gülən bu insandan mənə kömək dəyə bilməzdi.
Mən onların bu hərəkətlərini gülünc və mənasız adlandırırdım. Mənə elə gəlirdi ki, onlar, sadəcə, ikiüzlülük edir, bir-birilərinə bütün dostlar, bütün tanışlar, sadəcə, qarşılıqlı yalandanışma, süni gülüşlər və gülməli olmayan zarafatlarla, bir-birinə təzə aldıqları telefonları və paltarları göstərməklə xoşbəxt olduqlarını düşünürlər. Amma zaman getdikcə daha çox kitab oxuyub, həyatı daha dərindən anladıqca görürdüm ki, əslində onlar doğrudan da xoşbəxtdirlər. Öz mənasız və səviyyəsiz verilişləri, musiqiləri, toyları və yasları, qızılları və mersedesləri ilə həqiqətən xoşbəxt idilər. Mən isə öz həqiqətlərim və axtarışlarımla ancaq özümü didirdim.