Quşlardan birinin üstündə xırda bir qan ləkəsi olanda o biri quşlar həmin həmcinsinin üstünə tökülüşüb o nöqtəni dimdikləməyə başlayırlar. Bu dimdikləmə ziyafəti zavallı quşun didik-didik olmasına qədər dəvam edir. Bir sümüyü qalır, bir də lələkləri. Amma, adətən, bu didişmədə qalan quşlardan da bir neçəsi yaralanır və beləcə didilmək növbəsi onlara çatır. Bu prosesdə də hansısa quş yaralanır və onu da dimdikləyə-dimdikləyə öldürürlər. Bu qayda ilə quşlar bir-birinin ətini yeyə-yeyə azalırlar. Bu cür dim-dikləmə ziyafətlərində bir neçə saatın içində bir qatar quş məhv ola bilər.
Burada hər şey animasiyalı komiksə oxşayırdı. Fiqurlar yöndəmsiz, gülünc şəkildə ora-bura hərəkət edirdi. Amma bu heç də gülməli deyildi: dərd burasındaydı ki, şöbədəki fiqurlar canlı adamlar idi.
Mən o gərginliyi hiss edirdim. Və o narahatlığı doğuran adam, Böyük Bacının dediyi kimi, “sistemə uyğunlaşdırılana” qədər gərginlik zərrə qədər də səngimirdi.