Darıxanların sarı olar biraz rəngi
Gücü olmaz qolunun,
uşaq da döyə bilər..
Evinin işığı solğun olar
Nə açılar qapısı
Nə çalınar zəngi...
Darıxanların addımları
Həvəssiz, yorğun olar,
Qəddini əyə bilər...
Masada soyuyar isti çayı
Ömrüylə buxarlanar..
Yem olar bir xəyala
Yarım qalar yeməyi,
Boğazında tıxanar...
Bozarar oturmaqdan eyni yerə
Divanın sol tini
Danışar öz özünə
"Necə yəni, bitdimi..?"
Darıxanlar dərdləşər göy üzüylə,
Anlayanı olmaz ki,
Yoxdur darıxmaq dili..
Elə hər cıqqıltıya
Yoxlayar pəncərəni,
Dost tutar özünə bala sərçəni,
Oxşayıb qanadını, dimdiyindən öpər Yemləyər... əslindəysə
əksik yanların örtər,
Axtarar oğurlanan günəşi...
Darıxanların əllərini kəsər buz
Yandırıb kül edər qəlbi hicran atəşi..
Bəlkə son nəfəsidir