Ürəyimin qapısı
Səhərdən açıq qalıb,
Könlüm bu gün ruhumu
Qovub yollara salıb
Dərd məni üstələyir
Sən dadıma çatmasan,
Aydınlığa çıxmaram
Sən qolumdan tutmasan
Adaları dənizə
Deyirlər divlər atıb,
Məni bu tənhalığa
Kaş biləydim kim satıb
Bu qaranlıq yollarda
Azıb itərəm, inan,
Bəxtimin tək şamını
Sən gəlib yandırmasan
Dünya Günəşi içir,
Quşlar cənuba köçür,
Bu ədəbi Günəşin,
Bu qayğılı quşların
Gözü qabağında bil,
Ürəyimdən bir nisgil,
Fəqət xoş fikir keçir.
İnanmırsansa, gəl bax,
Bu mən, bu sən, bu Allah