Bu gün biz mədəniyyətlərarası savaşın silahsız, amma çox təhlükəli bir forması ilə üz-üzəyik. Artıq işğal ordu ilə yox, YouTube, TikTok, Netflix və sosial media vasitəsilə baş verir. Bu, virtual imperializmdir yəni güclü mədəniyyətin zəifləri "əbədi izləyici" halına gətirməsi.Artıq insanlar öz mədəni qəhrəmanlarını seçmir, algoritmlərin seçdiyini izləyir. Sabir, Cəlil kimi dəyərlər arxa plana keçir, əvəzində TikTok fenomenləri və ucuz "kontent istehsalçıları" önə çıxır. Bu, sadəcə zövq məsələsi deyil bu, şüurun və kimliyin yönləndirilməsidir.Mədəni unifikasiya isə bunun nəticəsidir: dillər, davranışlar, zövqlər bənzərləşir, fərqliliklər silinir. Amma bu bərabərlik deyil dominant mədəniyyətin hegemonluğudur.
Virtual imperializm səssizdir, könüllü görünür, amma daxildən işğaldır. Kimliyimizi, düşüncəmizi, gələcəyimizi başqa bir sistemin formalaşdırmasına icazə veririk.
İndi əsas sual budur: öz mədəni kimliyimizi qoruyub-yaşadacağıq, yoxsa xoşladığımız şeylər vasitəsilə özümüzü itirəcəyik?