Təəssüf ki, möcüzə deyəndə hamının ağlına sehr gəlir. Amma möcüzə elə daş-qayadır, intəhasız səhradır, ümmandır, meşədir, səmadır. Möcüzə israrla gözümüzə girən işarələrdir. Düşdüyün çətinliklər və yolsuzluqda cığırdır. Sualdan daha böyük möcüzə varmı? Cavabdan, şüurdan, iradədən, ağıldan və məntiqdən daha böyük…
Bakıda hamı diqqət mərkəzində və diqqətdən kənarda idi. Ürəyin istəyən şeyi diqqət çəkmədən edə bilərdin. İstəsəydin…Diqqətlər sənin üzərindədirsə, deməli, hər şeydən çox diqqətlərin öz üzərində olmasını istəmişdin.
Ölümlə mükafatlandırılmaq, həyatla cəzalandırılmaq, seçimlərlə sınanmaq, düşüncələrlə məhkumiyyət, düşüncəsizliklə azadlıq… Tanrı Adəm Və Həvvadan Həyat ağacını gizlətdi. Əvəzində onlara meyvə ağacı verdi. Tutaq ki, alma… Həyat ağacı və alma ağacı. Biri görünür, biri vəd olunur. İki insana iki ağac.
Hərdən bu libas cılız bədənlərdə xeyli böyük görünür. Peşmanlığın cəzaya yerləşmədiyi, cəsarətin ümidə dar olduğu kimi, haqlı olmaq da bəzən xoşbəxtliyin tarazlığını pozur.