Düşüb qəlbim təravətdən, əlamətdir qiyamətdən,
Sıxılmış dərdi-möhnətdən, əlamətdir qiyamətdən.
Gözüm həsrət qalıb nurə, gəlib qəmli könül şurə,
Yer adlandırdığın kurə çıxarsa isdiqamətdən - əlamətdir qiyamətdən.
Ədalətsizdir hakimlər, riyakar dini xadimlər,
Sıxır məzlumi zalimlər, əsər yoxdur ədalətdən - əlamətdir qiyamətdən.
Fənafillahı tərk etsək, əgər təqvanı bərk etsək,
Ən adi zərrə dərk etsək, olur bəlli təbiətdən - əlamətdir qiyamətdən.
Qul ikən bənziyir şahə, düşübdür çox xəta rahə,
Xəyanət eylər Allahə, Bəşər ölməz xəcalətdən - əlamətdir qiyamətdən.
Səhər, axşam, gecə, gündüz, dəlildir insana sözsüz,
Yatıb durmaq, bu bir möcüz, oyan bir xali - qəflətdən - əlamətdir qiyamətdən.
Həyat fani, ölüm ani, yazan həqdir bu fərmani,
Həvayı - nəfs insanı yayındırmış ibadətdən - əlamətdir qiyamətdən.
Külək,heyvan, ağac, yarpağ, günəş,ay həmçinin torpaq,
Əyir Allaha baş, ancaq insan çıxır itaətdən - əlamətdir qiyamətdən
Sənə, Aydın cahan dardır, bütün dunya günahkardır,
Bu dünyada nə kim vardır, əlamətdir qiyamətdən.