Oqtay sosial və mənəvi problemlərin yükünü çiynində daşıyan bir insandır. O, əzilən xalqın nümayəndəsidir, amma eyni zamanda öz şəxsi həyatında da çarəsiz bir məhkumdur. Oqtay zəngin və zadəgan təbəqəsinin mənəvi çürüməsinə, onların riyakar və saxta dəyərlərinə qarşı çıxır, lakin bunun əvəzində yalnızlıq və iztirab qazanır. Onun idealları ilə həyatın acı reallıqları arasındakı uçurum onu getdikcə daha da dərin bir böhrana sürükləyir.
Oqtayın fədakarlığı, onun inqilabi düşüncəsi, bəlkə də çox yüksək və idealist idi, amma əsərin sonunda biz görürük ki, bu idealizm reallığın sərt qayalarına çırpılır. Cabbarlı bu əsərdə həm də cəmiyyətin ikili standartlarını açıq şəkildə göstərir. Sərvət və güc, insanları qəddar edir, sevgini əmtəəyə çevirir, məsum duyğuları belə alver predmetinə çevirir. Oqtayın faciəsi insanlığın faciəsidir. Əsərin sonunda Oqtayın ölümü bir məğlubiyyət kimi görünə bilər. Amma bu, həqiqətən də, onun məğlubiyyəti idimi? Axı, Oqtay öz inamına, prinsiplərinə xəyanət etmədi. O, varlıların, riyakarlığın, ikili həyat yaşayanların tərəfinə keçmədi. Bu mənada onun ölümü onun mənəvi qələbəsidir. O, cəmiyyətin içində əyilməkdənsə, öz prinsipləri ilə birlikdə ölməyi seçdi.
Bu gün də Oqtay kimi insanlar var – dəyişmək istəyən, amma cəmiyyət tərəfindən əzilən, yolunu tapanadək ya tərk edilən, ya da sıradan çıxarılan insanlar.
Cabbarlı "Oqtay Eloğlu" ilə insan duyğularının, sevgisinin və idealizminin bir toplum qarşısında necə sınağa çəkildiyini göstərir. Hər dövrün öz Oqtayları var.
Bəs, sizcə, kimdir müqəssir? :)