Arzulayanda əlim çatmayan.
Ağrısı, göynəyi qəlbimdə gecə-gündüz yatmayan.
Dağları dağlarıma bənzər, bağları, bağlarıma.
Ana sözü kimi əziz olan adı - dodaqlarıma.
Köhnəm, təzəm, uzağım, yaxınım.
Ən gözəl şerim, Yanıqlı mahnım.
Mənsizim!
Təbrizim!
Qara bir gündə yaralı bir ölkənin üstündə dikəldi qüvvətdən sərxoş, qan ləkəli, bayraq.
Günəşli bir gündə, qəzəbli bir ölkənin üstündən endirildi ölüm kölgəli bayraq.
Qollarını geniş-geniş açdı insan.
Qucaqlaşdı, günəş, hava, torpaq.
Mən istəyirəm:
buludlar ağlasın
uşaqlar ağlamasın;
analı, ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
güllələr açılmasın,
amanlı, ya amansız.
Mən istəyirəm:
qapılar qapansın
soyuq olanda hava.
Gözlər qapanmasın,
sözlər qapanmasın.
Mən istəyirəm:
yanğınlar sönsün,
ümidlər sönməsin.
Meyvələr dəysin öz fəslində.
Ürəklərə söz dəyməsin.