Niyə, niyə mən bu aydın olmayan və dəhşətli məsuliyyət əzablarına malik bir insanam? Mən niyə, məsələn, sənin otağındakı xoşbəxt şkaf deyiləm, o şkaf sən kresloda, yaxud yazı stolunun arxasında oturanda, divanda uzananda, yatanda (yuxun şirin olsun!) düz sənə baxır. Niyə mən şkaf deyiləm?
Unutma ki, zarafatla ciddiliyi fərqləndirmək çox asandır, amma sənin üçün qiymətli olan insanlarda, həyatının asılı olduğu insanlarda isə bunu fərqləndirmək asan deyildir, risk həddən artıq böyükdür, gözlər mikroskop kimi işləyir və onda nəyi isə ayırd etmək, ümumiyyətlə, çətin olur.
Əgər gecələr, ola bilsin ki, yuxu məndən qaçarsa da, artıq onun yolunu bilirəm və şikayət etmərəm. Şikayət etmək axmaqlıq olardı, axı bütün varlıqlardan ən günahsızı yuxudur, yuxusu olmayan insanın özü günahkardır.