--Bilirsən, varlıların ən böyük xoşbəxtliyi nədədir?
--Yox, nədədir?
--Onlar pullarının olmadığını rahatca deyə bilirlər. Məsələn, mən sinif yoldaşıma harasa getməyi təklif eləsəm, o, mənə rahatca deyə bilər ki, "indi olmaz, indi pulum yoxdur". Amma mən bunu heç vaxt deyə bilməzdim. Çünki belə desəm, bu, o deməkdir ki, mənim, doğrudan da, pulum yoxdu. Özümü gülünc günə qoymuş olaram. Təxminən belə çıxır: gözəl qız deyə bilər ki, "bu gün üzümü pis boyamışam, heç yana getmirəm". Amma kifir qız belə desə, hamı ona gülər.
Midori eynəyini çıxaranda keçən dəfəkindən fərqli olaraq, nəsə yuxulu görünürdü. Bir ucdan biləyindəki gümüş bilərziyi fırladır və çeçələ barmağıyla gözlərini silirdi.
--Yuxun gəlir? - Soruşdum.
--Hə, bir az. Doyunca yatmamışam. Keçən dəfə elə alındığına görə bağışla. Çox vacib işim vardı, gələ bilmədim. Hələ üstəlik, səhər tezdən, qəfil.. fikirləşdim ki, restorana zəng eləyim, adı yadıma düşmədi. Sənin də ki, ev telefonunu bilmirəm. Sən çox gözlədin?
--Eybi yoxdu. Mənim vaxtım həmişə çox olur.
--Doğrudan, boş vaxtın elə çoxdur?
--O qədər çoxdur ki, bir azını da sənə verərdim ki, doyunca yata biləsən.
O gülümsədi, əlini çənəsinə dirəyib, üzümə baxdı:
--Sən çox qayğıkeşsən.
...Biz hardasa görüşmüşük? Nəsə heç yadıma gəlmir.
--Evripid, - o qısaca dedi.
--Elektra. "Yox, hətta tanrılar belə bədbəxtlərin dərdinə qulaq asmır"...