Məgər gün cami-eşqindən içib, ey şuxi-məhparə?!
Dəyər məstamə hər saət, o divarə, bu divarə.
Məni heyrət, səni təmkin, belə xamuş edib guya,
Çəkib nəqqaş iki surət, o divarə, bu divarə.
Səni görrəm baxanda hər yerə, hər yanə məclisdə,
Salıbsan əksimə tələt, o divarə, bu divarə.
Hücumi əşki-çəşmimdən, deyil mümkün fərağimdə,
Qoya bir başimi rahət, o divarə, bu divarə.
Bu könlüm Kəbeyi-kuyində eylər səcdə hər yanə,
Edərlər Məkkədə taət, o divarə, bu divarə.
Əbəs divari-əmalər gedəndə əllərin sürtməz,
Sənin kuyin verir nisbət, o divarə, bu divarə.
Dəxi bu səfeyi-aləmdə boş yer qalmadı, Raci,
Yaza indi qəmi-firqət, o divarə, bu divarə.
-Əbülhəsən Raci