Novruz bayramı vaxtı Azərbaycanlılar bayram süfrəsi açırlar. Bu süfrənin bəzəklərindən biri də səməni olur. Stolun üstünə cürbəcür xörəklər, çərəz və şirniyyatlarla yanaşı, səməni də qoyulur.
Göyərdilmiş səmənidən tavada halva da bişirirlər. Halva bişənə yaxın onun içinə badam, qoz ləpəsi salınır. Uşaqlar, cavanlar, qız-gəlinlər dəstə ilə səməni tavasının dövrəsinə dolana-dolana səs-səsə verib belə bir nəğmə oxuyurlar:
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam...