"Çünki buralarda tək idim. Mənim kimi adamlar yox idi bu ölkədə, özüm öz doğma vətənimdə özgə idim. Mənim həyata verdiyim dəyərlərlə başqalarının dəyərləri çox fərqli idi. İş yoldaşlarım hər bazar günü görüşüb birlikdə içirdilər. Bu mənə maraqlı gəlmirdi, ona görə evdə otururdum. Ailəm hər həftə hansısa qohumların evinə gedir, ya toylara, ya yaslara gedirdilər. Mən onların bu hərəkətlərini gülünc və mənasız adlandırırdım. Mənə elə gəlirdi ki, onlar, sadəcə, ikiüzlülük edir, bir-birilərinə bütün dostlar, bütün tanışlar, sadəcə, qarşılıqlı yalandanışma, süni gülüşlər və gülməli olmayan zarafatlarla, bir-birinə təzə aldıqları telefonları və paltarları göstərməklə xoşbəxt olduqlarını düşünürlər. Amma zaman getdikcə daha çox kitab oxuyub, həyatı daha dərindən anladıqca görürdüm ki, əslində onlar doğrudan da xoşbəxtdirlər. Öz mənasız və səviyyəsiz verilişləri, musiqiləri, toyları və yasları, qızılları və mersedesləri ilə həqiqətən xoşbəxt idilər.Mən isə öz həqiqətlərim və axtarışlarımla ancaq özümü didirdim."