Ölmək necə olur? Mən belə təsəvvür edirəm ki, adam öləndə sanki uzanıb mavi səmaya baxır. Özünü yuxulu hiss edir. Həm də hədsiz dinclik tapır. Gözlərini yumur və yuxuya gedir. Yuxudan oyananda özünü qayıqda görür, okeanı keçir, külək üzünü qamçılayır, başı üzərində qağayılar səs salır. Hər şey təravətli və yenidir. Adama elə gəlir ki, həmin an yenicə doğulub. Sənin keçmişlə bağlı heç bir xatirən yoxdur, ölümlə bağlı heç nəyi xatırlamırsan. Dünya yenidir, sən də yenisən, qollarında, ayaqlarında yeni güc var. Bax, ölümü belə təsəvvür edirəm.