Və dinməzcə gah dənizə, gah göyə baxan Merso hiss edirdi ki, siması gah göz yaşlarına qərq olan, gah günəşlə işıqlanan həyatı sevməyə, onu duzlu dalğada da, isti daşda da görməyə, ona heyran olmağa, sevgi və fədakarlığının var güvvəsilə onu oxşamağa gücü çatar.
Özünün yalnız özünə məxsus olduğunu hətta indi ona belə ağır başa gələn tənhalıq hesabına olsa da, bütün dünya qarşısında müdafiə etməliydi. Ancaq o geri çəkilmək fikrində deyildi. Onun dayağı qətiyyəti, mükafatı isə şiddətli həyat coşqusu, onu haradasa gözləyən məhəbbət idi.
İndisə öz xoşbəxtliyinə çatmaq üçün iradəsini toplayıb, addım atmaq növbəsi ona çatmışdı. Ancaq bunun üçün vaxt lazım idi, axı, kimə məlum deyil ki, vaxta sahib olmaq - cəlbedici olduğu qədər də təhlükəlidir. Bekarçılıq ancaq adi adamlara ziyan gətirir. İnsanların çoxu o cür olmadıqlarını sübut edə bilməzdilər.