- Getməliyəm, dedi - xəstəxanda bir kişi can üstündədir.
- Həkimlər həmişə bəhanə tapır! - bu sözləri Joan asta-asta dedi.
- Qadınlar kimi, Joan! Biz ölümlə oynayırıq, siz isə məhəbbətlə.. Dünyanın bütün bəhanələri də, həqiqətləri də bunun üstündə bərqərar olub.
- İnsan nə üçün yaşayır, Ravik?
- Elə bu haqda düşünmək üçün. Yenə sualın var?
- Var. Nə üçün o bu haqda düşünə-düşünə kamala çatan kimi ölür?
- Bəziləri kamala çatmamış da ölür.
Bir də bu qəribə həqarət hissi... Sinədolusu nəfəs almaq... Bu nəfəs sanki xəfif bir meh idi, haradansa lap uzaqlardan, ürəyin damar- damar yollarından, gerçəkliyin qüssə dolu alovundan, çarmıxa çəkilmiş keçmişlərdən, gələcəyin neştərli keşməkeşlərindən süzülürdü.. Bir də ətrafa çilənmiş bu sükut... Ölümlə həyat arasındakı bir anlıq fasilə.. Aydın olduğu qədər də zülmətlə dolu bir ömür.. Ulu dünyanın həzin əbədiyyət nəğməsi...
Sanki bunların hamısı məhz belə də olmalı imiş.. Hər şeyi necə qəbul edirsənsə, bunlara da eləcə «qismətdir» deyib, ümidsizliyin yeganə silahı olan təmkinlə dözürsən. Səma hər yerdə eynidir, yer üzündəki qətillərin, nifrətin, məhəbbətin, qurbanların üstünə çadır kimi çəkilib...