İsmayıl Şıxlı qələmindən ilk kitab idi oxuyurdum, baxmayaraq ki, indiyə qədər onun haqqında olduqca çox dərs keçmişik. Onu deyə bilərəm ki, əsərdən gözləntim olduqca yüksək idi, amma gözlədiyim kimi olmadı. Əsər çox gözəldir, buna söz yox. Ola bilsin, mənim gözləntim həddən ziyadə yüksək idi, ya da əsəri ilk dəfə oxuduğumdan idi ki, məğzini tam anlaya bilməmişəm. Amma yazıçının qələmi o qədər axıcı və uğurludur ki, insanı digər əsərlərini də oxumağa sövq edir. İsmayıl Şıxlının son əsəri olması isə bu kitabı daha da dəyərli qılır mənim üçün. Əsərdəki tarixilik, faktlar həmin dövrün hadisələri çox aydın və təsirli şəkildə işlənilib. Süjet xətti barədə danışmayacam, özünüz oxusanız daha yaxşı olar, mən, əsasən, əsər haqqında hisslərimi yazmaq istədim. Oxuyacaq olanlara xoş mütaliələr
Vaxt var idi Əlizamanın ayda bir kərə üzünə gülümsünməsi, ayda bircə dəfə ona xoş söz deməsi qolunu-qanadını açırdı, onu dünyanın ən xoşbəxt məxluquna döndərirdi. İndisə o, Əlizamanın ölüsünə də yiyə durmaq, Əlizamanın meyitini də bu evə qoymaq istəmirdi.
Dünyaya çox buynuzlu-buynuzsuz cahangirlər gəldi. Biri özündən əvvəlkini bəyənmədi, o biri sonrakını. Biri dünyanı qana çalxaladı. O biri əmin amanlığa çağırdı. Biri bəşər övladının min illər boyu qayda-qanunları zor ilə tapdaladı və ortalığa yeni həyat tərzi atdı. Yer kürəsini əlində fırladıb qançanağına çevirən Hitler meydana çıxdı. Onun qarşısında Stalin dayandı. Ruzvelt, Çörçil, Mao TszeDun və De Qol siyasəti dünyada baş alıb yeridi. Biri o birinin əleyhinə, biri o birinin tərsinə. Hamısı da ədalətdən, vicdandan dəm vurdu. Bütöv xalqlar tayqalara, Sibirə sürgün edildi. Başqa birisi hakimiyyətə gələrkənbu cəza alanları günahsız müqəssirlər adlandırdı, salamat qalanları yerlərinə, yurdlarına qaytardı. Onlara kömək etdilər.