Gecədir, hər şey sükuta dalıb, sanki heç kəs yoxdur, heç mən özüm də yoxam... Mən bu cür tənha qalmaq istəmirəm. Niyə gəlib pozmursan bu sükutu? Heç olmasa kabus kimi gəl. Məgər çox şey umuram səndən? Bunu da eləyə bilməzsən? Sükut içində keçən günlər, bitib-tükənmək bilməyən gecələr - nədir bu zillət? Duman kimidir sənin sükutun.
Heç həyatı boyu ona bu qədər diqqətlə baxmışdımmı, görəsən? Sanki bir baxmaqla onu tutub saxlaya biləcəkdim, sanki bircə dəfə gözümü qırpmağımla uçub gedəcəkdi.
- Axı niyə özün olmursan? - Fikir verin, "özün olmursan" deyərdi, "özünü tanımırsan" deyə soruşmazdı. Daha böyük dünyanı qavramaqdan ötrü göstərdiyim yöndəmsiz cəhdlərə, halima acıyırdı. - Özün ol!
"Özün ol" deyəndə də, əlbəttə, "istədiyin kimi ol" demək istəyirdi. Başqalarının boynumuza biçdiyi tiplər olmağa çalışmayacaqdıq, bir-birimizi bu yükün altına girməyə vadar etməyəcəkdik - belə bir sövdələşməmiz vardı...
İndi qarşımda dayanan sual sırf bilmək, tanımaq məsələsidir. Biz özümüz deyildiksə, bəs kim idik?.. Mən özüm deyildimsə, bəs kim idim? Filosoflara görə, biz başqaları vasitəsilə yoğrulur və müəyyən olunuruq. Qızılgül qaranlıqda qırmızı olarmı?..
Biz xoşbəxt idik, ən azı bədbəxt deyildik, bu da əksəriyyətə müyəssər olmayan bir şeydir. Məgər bu bəs etmirdi?..