"Da Vinçi Şifrəsi"ni oxumağa başlayanda açığı, bir az peşman olmuşdum. İlk 30-40 səhifən çox sıxıcı gəldi, atmaq istədim. Amma içimdə bir səs dedi ki, yarımçıq qoyma, davam et. Və yaxşı ki, davam etmişəm. Kitab irəlilədikcə adrenalin yüksəldi, hadisələr açıldıqca marağım daha da artdı. Elə gün oldu ki, gecə saat 3-də belə kitabı qapatmaq istəmədim. Özümü elə bil Sofi və Lenqdonla birgə qaçışın içində hiss edirdim.
Ən maraqlı tərəfi isə Qraal sirri ilə bağlı fərziyyələr idi. Mariya Maqdalina haqqında oxuduqlarım, İsanın nəslinin davam etməsi iddiaları, Da Vinçinin əsərlərində gizli detallar - bütün bunlar məni çox düşündürdü. Hətta kitabı oxuya-oxuya təkcə Google-a baxmadım, İncilə belə göz gəzdirdim. Sonuncu Şam Yeməyi tablosunu açıb o qadının kim olduğu ilə maraqlandım, Vitruvian insanı, fi (φ) ədədi, şifrələmə üsulları, Etbaşı, Sezar şifrəsi - hamısını araşdırdım. Kitabı sadəcə oxumadım, araşdıraraq oxudum və bu hiss mənə çox maraqlı gəldi.
Amma içimdəki əsas sual bu idi: Bütün bu ölüm, bu qədər planlar, qətllər - bunun sonu nə olacaq? Sirr nədir? Oxuduqca gözləntilərim artdı. Elə bilirdim ki, axırda dünyanı dəyişəcək bir həqiqət ortaya çıxacaq. Amma sonda anladım ki, bəzən bu qədər böyük hadisələrin, bu qədər sirrin arxasında insanın gözləntisindən daha sadə bir həqiqət dayanır.
Bəlkə də bu kitabın əsas mesajı budur: Sirrin arxasınca qaçanların çoxu elə yolda ilişib qalır. Çünki həqiqət çox zaman sadədir.
Oxumaq istəyənlərə tövsiyəm odur ki, bu kitabı oxuyanda sadəcə süjetin ardınca qaçmayın. Araşdıraraq oxusanız, özünüz üçün daha fərqli şeylər tapacaqsınız. Maraqlı və düşündürücü bir təcrübədir, oxumağa dəyər.