Keçmiş bizim təxəyyülümüzdə eyni vaxtda iki aynayla əks olunur : aynanın biri parlaqdır, orada bizim nə vaxtsa dediyimiz söz və ya etdiyimiz hərəkət əks olunur, ikincisi isə söyləmədiklərimizdən, reallaşdırmadıqlarımızdan ibarət qaranlıq bir aynadır.
Sağlamlığıma, cibimdəki pullara görə xəcalət çəkirdim. Prinsipcə, siz də bu hissləri duymağa qadirsinizsə, dünyadan qovulmuş məzlum insanlarla ilk qarşılaşma qəlbinizdə iztirablı ittihama çevriləcək.
Məhəbbət, tale və həyatda etdiyimiz seçim barədə bildiklərimi öyrənməyimə uzun illər və bütün dünyanı gəzib - dolaşmağım gərək oldu, amma ən vacib şeyi divara zəncirlənib döyüldüyüm anda dərk etdim. Şüurum fəryad edirdi, lakin hətta bu fəryadın arasında belə içində olduğum aciz, çarmıxa çəkilmiş halımda belə azad olduğumu dərk edirdim - mən zülmkarlarıma nifrət də edə bilərdim, onları bağışlaya da. Azadlıq, sanki, olduqca nisbi məfhumdur, lakin insan yalnız ağrının azalıb - çoxaldığını hiss etdiyi məqamda azadlıq onun qarşısında bir dünya imkanlar açır və insanın nifrətlə bağışlanma arasında etdiyi seçim onun həyatının hekayəsinə çevrilə bilər.