Onun ölümündən bir neçə gün sonra departamentdən evinə bir xidmətçi göndərib, əmr etmişdilər ki, həmin saat idarəyə gəlsin, naçalnik onu tələb edir; lakin xidmətçi əliboş qayıdmalı olub, məlumat verdi ki, Akaki Akakiyeviç daha gələ bilməz. "Niyə?" sualna xidmətçi cavab verdi ki, "Elə-belə, o, ölmüşdür, dörd gün bundan qabaq basdırmışlar."
Departamentdə Akaki Akakiyeviçin ölümündən belə xəbər tutdular və ertəsi gün artıq onun yerində yeni bir məmur oturmuşdu; o, boyca xeyli uca olub hərfləri onun kimi düz xətlə deyil, xeyli qıyqacı yazırdı.