Tutalım bir ay, üç ay heyifsiləndi, sonra hər şeyi unudacaq gedəcək... Başqa kim — qonşumuz Mədinə, o da tutalım bir ay, yox, bir ay da yox, iki həftə yas saxladı mənimçün... Başqa kim? Sən? Yaxşı, sən də iki həftə, ya bağışla, iki həftə çox uzun müddətdir, bir həftə üç gün mənimçün matəm saxladın, dərdə-qəmə batdın, lap saldın ürəyinə... Sonra? Sonra axı sən də unudacaqsan... Bu görüşlərimizi də, o sahili də, bax həmin bu eyvanı da... Düz demirəm?
Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və “səadət axtarmaq ifadəsi” o demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür – hara gedirsən get – nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...