- Ay nənə, bir nağıl da de!
- Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
- Can nənə, de birini də.
- Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
- Qar yağırmı?
- Elə yağır… sazaq qılınctək kəsir…
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.
Nənə yığır düyünçəyə iynəsini, sapını,
Külək hərdən taqqıldadır pəncərəni, qapını.
Körpə çəkir təzə, güllü yorğanını üzünə,
Gözlərini yumur… Amma yuxu getmir gözünə.
- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
- Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur...
Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayır yastığı…
- Bəs ay nənə, atam indi haradadır, görəsən?!
- Bıy başıma xeyir, oğul, yatmayıbsan hələ sən?!